“Xəzər Günü” münasibətilə “Təmiz ölkəm” devizi altında keçirilən təmizlik aksiyaları Xəzər dənizinin Sumqayıt, Lənkəran, Neftçala sahillərini, Samur-Yalama, Şirvan, Qızılağac və Abşeron milli parklarının sahil zolaqlarını əhatə edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşlarının və Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin birgə iştirakı ilə təşkil olunan tədbirdə sahildən 500 kiloqramdan artıq tullantı yığılaraq utilizasiya üçün daşınıb.
2006-cı ilin 12 avqust tarixində “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın qüvvəyə minməsindən sonra hər il avqustun 12-si Xəzər Günü kimi qeyd olunur.
12 avqust – Xəzər Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, “Expressbank” əməkdaşları və ekokönüllülərin iştirakı ilə Xəzərin Bilgəh və Nardaran sahillərində təmizlik aksiyası keçirilib.
“Təmiz ölkəm” devizi altında keçirilən təmizlik aksiyaları çərçivəsində 8 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə nümayəndələrinin və sakinlərin iştirakı ilə Xəzər dənizinin Lənkaran sahilində, Həkəri çayın Laçın şəhərindən keçən hissəsində, Göyçay şəhəri Şəhriyar küçəsində, Ağcabədi rayonu Aşağı Avşar, Zaqatala rayonu Yuxarı Tala kəndlərində, Samux rayonu Qarayeri qəsəbəsində təmizlik aksiyaları keçirilib, ərazilər ümumilikdə 3.5 tondan artıq tullantıdan təmizlənib.