Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 2024-cü ilin aprel ayında Xəzər dənizinin Xaçmaz, Siyəzən, Lənkəran, Astara rayonları, eyni zamanda Bakı şəhərinin Sabunçu, Pirallahı və Xəzər rayonları akvatoriyasından, Kür və Araz çaylarından, Yenikənd, Şəmkir və Mingəçevir su anbarlarından ümumilikdə 21810 metr uzunluğunda 375 ədəd sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb.
Meşə yanğınlarının qarşısının alınması məqsədilə 7, 9, 10 və 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzlərinin, 1 və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Göygöl Rayon İcra Hakimiyyətinin, FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, bələdiyyələrin, rayon polis şöbəsinin Gəncə Regional Yanğın Nəzarəti İdarəsinin, ictimaiyyət nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə Qax, İmişli, Göygöl və Masallı rayonlarında “Yanğın təhlükəsizliyi” mövzusunda təlimlər keçirilib.
“Heyvanlarla məsuliyyətli davranış haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin hazırlanması ilə bağlı ictimaiyyətin məlumatlandırılması, eyni zamanda, ölkəmizdə heyvanlarla davranış sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin dinlənilməsi və müzakirəsi məqsədilə ictimai dinləmə keçirilib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu 20 dərəcə istidir, cənub-şərq küləyi əsir, küləyin sürəti 13 m/s-dir.