Artıq bir ənənəyə çevirilən, vətəndaşların böyük marağına səbəb olan və mütəmadi olaraq təşkil olunan “Tullantıları hədiyyələrə dəyiş” ekoloji festival çərçivəsində növbəti dəfə vətəndaşlar tullantılarını təkrar emala yönləndirərək həm ətraf mühitin qorunmasına töhfə verib, həm də müxtəlif hədiyyələr əldə ediblər.
“Təmiz ölkəm” devizi altında keçirilən təmizlik aksiyaları çərçivəsində 26 iyul tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə nümayəndələrinin və sakinlərin iştirakı ilə Xəzər dənizinin Novxanı, Sumqayıt sahillərində, Lənkərançayın Lənkəran, Tovuz çayın Tovuz, Tərtərçayın Tərtər, Həkəri çayın Zəngilan rayonundan keçən hissələrində, Quba - Qəçrəş, Göygöl-Toğanalı avtomobil yollarının kənarlarında, İmişli şəhəri Zəfər prospektində, Mingəçevir şəhəri Sahil, Şəki şəhəri Salman Mümtaz küçələrində, Quba rayonu Quba, Qəbələ rayonu Vəndam meşəbəyliklərində təmizlik aksiyaları keçirilib, ərazilər 4.5 tondan artıq tullantıdan təmizlənib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri və Abşeron rayonunun inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 11 iyul tarixli Sərəncamı ilə 2026-cı il üzrə həyata keçirilməsi nəzərdə tutulan dövlət-özəl tərəfdaşlığı (DÖT) layihələrinin siyahısı təsdiq edilib. Təsdiq olunmuş siyahıya daxil edilən prioritet layihələrdən biri Lənkəran regionunda bərk məişət tullantılarının idarə edilməsi layihəsidir.
Son günlər havaların isti və quraq keçməsi meşə və digər yaşıllıq ərazilərdə yanğın riskini artırıb. Aparılan təhlillər və araşdırmalar meşə yanğınlarının əsas səbəbinin insan faktoru olduğunu göstərir. Belə ki, statistikaya görə, qeydə alınan yanğın hadisələrinin əksəriyyəti yanğın təhlükəsizliyi qaydalarına əməl etməyən vətəndaşların, kənd təsərrüfatı ilə məşğul olan fermerlərin, meşə və təbiət ərazilərinə yaxın kəndlərdə yaşayan sakinlərin, istirahət məqsədilə təbiət qoynuna üz tutan şəxslərin odla ehtiyatsızlığı səbəbindən baş verir. Statistika göstərir ki, baş verən yanğınların əksəriyyəti meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərindən kənarda qeydə alınır, sonradan külək və quraq hava səbəbindən təəssüf ki, qorunan ərazilərə keçir. Nəticədə ölkənin meşə fonduna, xüsusi mühafizə olunan təbiət ərazilərinə, bioloji resurslara və torpağın üst münbit qatına ciddi ziyan dəyir, ekosistem məhv olur.