Hidrometeorologiya

Çaylar

Azərbaycanda 8359 çay var, onlardan ikisinin (Kür və Araz çaylarının) uzunluğu 500 km-dən artıqdır. Daha 22 çayın uzunluğu 101-500 km arasında, 40 çayın uzunluğu 51-100 km, 107 çayın uzunluğu isə 26-50 km arasındadır. Kür çayı hövzəsində 5141, Araz çayı hövzəsində 1177 çay var. Qolları ilə birlikdə birbaşa Xəzər dənizinə tökülən çayların sayı 3218-dir. Ümumilikdə çay şəbəkəsinin sıxlığı 0,36 km/km2-dir.

Azərbaycan Respublikasının çayları, ümumiyyətlə Xəzər dənizi hövzəsinə aiddirlər. Ayrılıqda onlar üç hövzəyə aid edilir:

  1. Kür çayının öz hövzəsinin çayları (Kürün sol və sağ qolları)
  2. Araz hövzəsinin çayları (Arazın sol qolları)
  3. Birbaşa Xəzər dənizinə tökülən çaylar.
Azərbaycanın əsas transsərhəd çayları (22 çay) Kür, Araz, Qanıx, Qabırrı, Xram, Samur, Mazımçay, Bolqarçay, Astaraçay, Bərgüşadçay, Oxçuçay, Bəsitçay, Arpaçay çayları və Kür, Araz çaylarının qollarını təşkil edən kiçik çaylardır.