Meşəyə qulluq qırmaları və oduncaq tədarükü
Azərbaycan Respublikasının meşələri su qoruyucu, iqlim tənzimləyici, torpaq qoruyucu, karbon emissiyalarının azaldılması, rekreasion funksiyaları yerinə yetirməklə I qrup meşələrə aid edilir. Bu tipə malik meşələrdə sənaye məqsədli baş qırmaların aparılması qadağandır. Respublikamızın meşələrində sağlamlığın və davamlı inkişafın təmin edilməsinə xidmət edən seçmə sanitar və xidməti qırmalar həyata keçirilir.
1. Seçmə sanitar qırmaları meşələrin fitosanitar vəziyyətinin yaxşılaşdırılması məqsədilə aparılır. Bu zaman yaşı ötmüş, inkişafdan qalmış, zərərvericilər və xəstəliklərlə sirayətlənmiş, qurumuş və ya qurumaqda olan, həmçinin təbii yeniyetmə və cücərtilərin inkişafına mane olan ağaclar kəsilərək meşə sahəsindən çıxarılır.
2. Xidməti qırmalar isə ağaclıqların düzgün formalaşdırılması və inkişafının təmin edilməsi məqsədilə həyata keçirilir və aşağıdakı növlərə bölünür:
- İşıqlandırma qırmaları – cavan ağaclarda cins tərkibinin və sıxlığın tənzimlənməsi, baş ağac cinslərinin inkişafı üçün əlverişli şəraitin yaradılması;
- Təmizləmə qırmaları – əsas ağac cinslərinin üstünlüyünün təmin edilməsi və cins tərkibinin formalaşdırılması;
- Seyrəltmə qırmaları – perspektivli ağacların gövdə və çətirlərinin sağlam inkişafı üçün optimal böyümə şəraitinin yaradılması;
- Keçid qırmaları – ağacların boy artımının gücləndirilməsi, ağaclığın yetişmə dövrünə hazırlanması, oduncaq ehtiyatının və illik orta artımın yüksəldilməsi məqsədilə aparılır.
Xidməti qırmaların əsas məqsədi oduncaq satışı deyil, meşələrin fitosanitar vəziyyətinin yaxşılaşdırılmasını, təbii bərpa prosesinin gücləndirilməsini, taksasion göstəricilərinin (cins tərkibi, doluluq, bonitet, orta hündürlük, orta diametr, oduncaq ehtiyatı, illik artım və s.) optimallaşdırılmasını, eləcə də meşələrdən dayanıqlı istifadəni və onların uzunmüddətli sabit inkişafını təmin etməkdir.
Xidməti qırmalar nəticəsində əldə olunan oduncaq isə əsasən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin, təhsil və səhiyyə müəssisələrinin, digər təşkilatların, habelə qazlaşdırılmamış yaşayış məntəqələrinin yanacaq odununa olan tələbatının qismən ödənilməsi üçün sərf olunur.