“III Yaşıl düşüncə” proqramı çərçivəsində gənclər “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə səfər ediblər
17 Noyabr 2026, 17:45
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi “III Yaşıl düşüncə” maarifləndirmə proqramı çərçivəsində gənclər üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub.
İştirakçılara Bakı şəhərində əmələ gələn bərk tullantıların düzgün idarə olunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Gənclər Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu, Balaxanı Sənaye Parkı və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda tullantıların zərərsizləşdirilməsi prosesini əyani şəkildə izləyiblər. İştirakçılar, həmçinin tullantıların içərisindən tapılan dəyərli əşyaların nümayiş olunduğu guşə ilə tanış olublar.
Məlumat turu çərçivəsində tullantıların çeşidlənməsi, təkrar emalı və zərərsizləşdirilməsi prosesləri, eləcə də bu sahədə tətbiq olunan yeniliklər barədə fikir mübadiləsi aparılıb və gəncləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, səfərin əsas məqsədi gənclərin tullantıların idarə olunması sahəsində biliklərini artırmaq, onları bu istiqamətdə tətbiq olunan müasir texnologiyalar və ekoloji həllərlə tanış etmək, həmçinin ekoloji məsuliyyət və ətraf mühitin mühafizəsi sahəsində maarifləndirməkdir.