“III Yaşıl düşüncə” maarifləndirmə proqramı çərçivəsində növbəti görüş Azərbaycan florasına həsr edilib
16 Noyabr 2026, 13:20
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “III Yaşıl düşüncə” maarifləndirmə proqramı çərçivəsində növbəti görüş “Azərbaycanın florası, endemizmi və müasir vəziyyəti” mövzusunda keçirilib.
Görüş çərçivəsində ETSN yanında İctimai Şuranın üzvü, fizika üzrə fəlsəfə doktoru, biologiya elmləri doktoru Elman Yusifov gənclərin diqqətini ölkəmizin bitki örtüyünün zənginliyi, biomüxtəlifliyin qorunması və nadir bitki növlərinin mühafizəsi məsələlərinə yönəldib. Təlim iştirakçılarına “Qırmızı Kitab”ın hər 3 nəşri, Azərbaycanda yayılmış nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növləri haqqında ətraflı məlumat verilib.
Həmçinin Azərbaycanın tuqay və Hirkan meşələrinin özünəməxsus bitki örtüyü, bu ərazilərdə yayılan növlər, eləcə də Qafqaz regionunda bitki endemizminin xüsusiyyətlərindən bəhs edilib. Təlim çərçivəsində bitki müxtəlifliyinin qorunmasının ekoloji tarazlığın və təbii irsin mühafizəsində əhəmiyyəti vurğulanıb.
Görüşün məqsədi iştirakçıların Azərbaycanın zəngin flora müxtəlifliyi, endemik və nadir bitki növləri, onların müasir vəziyyəti barədə biliklərini artırmaq, eləcə də bitki örtüyünün və təbii ekosistemlərin qorunmasının əhəmiyyəti barədə ekoloji maarifləndirməni gücləndirmək olub.