Xəbərlər


“III Yaşıl düşüncə” proqramının iştirakçıları Milli Hidrometeorologiya Xidmətinin fəaliyyəti ilə tanış olublar

06 Noyabr 2026, 18:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi “III Yaşıl düşüncə” maarifləndirmə proqramı çərçivəsində növbəti tanışlıq səfəri həyata keçirilib. Hidrometeorologiya sahəsinə marağın artırılması, iqlim və hava hadisələrinin öyrənilməsində müasir texnologiyaların rolunun aşılanması məqsədilə proqram iştirakçıları Milli Hidrometeorologiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar.

Səfər zamanı gənclərə Hidrometeorologiya Muzeyində nümayiş etdirilən eksponatlar, müxtəlif dövrlərdə istifadə olunmuş meteoroloji cihazlar, ölçmə avadanlıqları və arxiv materialları vasitəsilə ölkəmizdə hidrometeorologiya xidmətinin formalaşması və inkişafı barədə məlumat verilib.

Daha sonra Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzində müasir müşahidə və proqnozlaşdırma sistemlərinin imkanları, meteoroloji radarların fəaliyyəti, məlumatların operativ toplanması və təhlili, eləcə də təhlükəli hava hadisələri ilə bağlı erkən xəbərdarlıq mexanizmlərindən bəhs edilib.

Görüşün davamında iqlim dəyişmələrinin yaratdığı çağırışlar, hidrometeoroloji müşahidələrin ətraf mühitin mühafizəsində əhəmiyyəti və bu sahədə innovativ texnologiyaların tətbiqi müzakirə olunub. İştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.