Xəbərlər


“Tullantıları tinglərə dəyiş” aksiyası Sumqayıtda keçirilib

06 Noyabr 2026, 14:56

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Tullantıları tinglərə dəyiş” aksiyası Sumqayıt şəhərində təşkil olunub.

Aksiya Dənizkənarı Bulvar ərazisində keçirilib. Tədbir çərçivəsində sakinlər ümumi tutumu 2710 litr olan plastik, 490 litr olan şüşə tullantı və 500 ədəd işlənmiş batareya təhvil verərək əvəzində badam, nar, Eldar şamı və sərv tingləri əldə ediblər.

Aksiyanın məqsədi tullantıların düzgün idarə olunması və təkrar emal mədəniyyətinin təşviq edilməsi, vətəndaşların ekoloji təşəbbüslərə cəlb olunması, eləcə də yaşıllıq sahələrinin genişləndirilməsinin və ekoloji məsuliyyət prinsipinin təbliğ edilməsidir.

Qeyd edək ki, cari ilin payız mövsümündə Sumqayıt və Abşeron ərazilərində keçirilən aksiyalar çərçivəsində ümumi tutumu 3746 litr olan plastik, 600 litr olan şüşə tullantı və 1320 ədəd işlənmiş batareya toplanaraq utilizasiyaya yönləndirilib.