Xəbərlər


“Uşaq hüquqları aylığı” çərçivəsində regionlarda maarifləndirici görüşlər təşkil olunub

04 Noyabr 2026, 18:25

20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən Qusar, Cəbrayıl, Tərtər və Bərdə rayonlarında məktəblilərlə görüşlər keçirilib.

Qusar şəhərindəki T.İsmayılov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd, Tərtər rayonunun R.Səfərov adına Sarıcalı kənd, Bərdə rayonunun şəhid Yasif Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəblərində təşkil olunan görüşlər zamanı uşaqlara ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri, sağlam və təhlükəsiz ətraf mühitdə yaşamaq hüququ barədə məlumat verilib, təbiətin mühafizəsində uşaqların iştirakı və ekoloji məsuliyyətin əhəmiyyəti diqqətə çatdırılıb.

Eyni zamanda, Qusar şəhərindəki T.İsmayılov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən görüşdə şagirdlərin tullantılardan hazırladığı əl işləri nümayiş etdirilib.

Bu görüşlər uşaqların hüquqi və ekoloji biliklərinin dərinləşdirilməsinə, ətraf mühitə qarşı məsuliyyətli münasibətin formalaşdırılmasına, eləcə də təbiətin mühafizəsinə yönəlmiş ekoloji düşüncə və davranış vərdişlərinin aşılanmasına mühüm töhfə verir.