“SMART Ekologiya: texnologiya təbiətin xidmətində” mövzusunda sessiya keçirilib
26 Oktyabr 2026, 12:12
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “III Yaşıl Düşüncə” maarifləndirmə proqramı çərçivəsində “SMART Ekologiya: texnologiya təbiətin xidmətində” mövzusunda sessiya təşkil olunub.
Sessiya zamanı ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov gənclərə ekoloji problemlərin həllində rəqəmsal texnologiyaların rolu, innovativ yanaşmaların ətraf mühitin mühafizəsində tətbiqi və müasir texnoloji imkanlardan səmərəli istifadə barədə məlumat verib.
Təlimin ikinci hissəsində “Ekoloji problem üçün rəqəmsal həll tapaq” adlı interaktiv qrup işi təşkil olunub. İştirakçılar müxtəlif ekoloji problemləri müzakirə edərək onların həlli üçün rəqəmsal həll yolları üzərində işləyib, ideyalarını bölüşüblər.
Sessiyanın əsas məqsədi gənclərin ekoloji problemlərə innovativ yanaşmasını təşviq etmək, rəqəmsal bacarıqlarını inkişaf etdirmək və texnologiyaların ətraf mühitin qorunmasında tətbiqi imkanları barədə biliklərini artırmaq olub.