Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dayanıqlılığının gücləndirilməsində texnologiyaların rolu müzakirə edilib
11 Sentyabr 2026, 18:57
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "İqlimə Davamlılıq Texnologiyaları: İqlimə Davamlı Gələcək üçün İnnovasiyanın Sürətləndirilməsi" mövzusunda panel müzakirəsi keçirilib.
“EY Azerbaijan” şirkətinin moderatorluğu ilə keçirilən paneldə "UNEP Copenhagen Climate Centre", “Azərkosmos”, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Milli Aviasiya Akademiyası və “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri, beynəlxalq təşkilatlar, özəl sektor və texnologiya şirkətləri, maliyyə institutlarının təmsilçiləri, iqlim üzrə ekspertlər iştirak ediblər.
Müzakirələr zamanı iqlim dəyişmələrinin yaratdığı risklərə qarşı dayanıqlılığın gücləndirilməsində innovativ və rəqəmsal texnologiyaların rolu, iqlimə uyğunlaşma üzrə texnoloji həllərin tətbiqi imkanları nəzərdən keçirilib. Eyni zamanda innovativ iqlim texnologiyalarının maliyyələşdirilməsi, dövlət-özəl tərəfdaşlığı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.