Xəbərlər


“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində Lənkəranda gənclər üçün ekoloji maarifləndirici görüş keçirilib

20 Avqust 2026, 11:25

“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində gənclərin ekoloji biliklərinin artırılması və onların ətraf mühitin mühafizəsində fəal iştirakının təşviqi məqsədilə növbəti maarifləndirici görüş Lənkəran rayonunda keçirilib.

Lənkəran şəhəri M. Bağırov adına 1 nömrəli tam orta məktəbdə təşkil olunan görüşdə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ekologiya sahəsində qanunvericiliyin əsas tələbləri, təbii sərvətlərdən səmərəli və məsuliyyətli istifadə ilə bağlı ətraflı məlumat verilib.

Maarifləndirici sessiyada ətraf mühitin qorunmasında hər bir vətəndaşın, xüsusilə də gənclərin üzərinə düşən məsuliyyət diqqətə çatdırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün əsas məqsədi gənclərin ekoloji məsələlər üzrə məlumatlılığını artırmaq, onlarda təbiətə və ətraf mühitə məsuliyyətli münasibət formalaşdırmaq, həmçinin ekoloji təşəbbüslərdə fəal iştiraklarını təşviq etmək olub.