Palçıq vulkanları ilə bağlı gənclər üçün maarifləndirici təlim təşkil olunub
14 Avqust 2026, 17:07
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Bakı və Abşeron Yarımadası Qrupu Palçıq Vulkanları Dövlət Təbiət Qoruğunun yaranma günü münasibətilə AKTİ-yə üzv könüllülərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
“Yerin dərinliklərindən səthə: Palçıq vulkanları” adlı təlim zamanı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları gənclərə qoruğun yaradılma tarixi, ərazinin geoloji və təbii xüsusiyyətləri, onların mühafizəsinin vacibliyi, palçıq vulkanlarının unikal təbiət abidəsi kimi əhəmiyyəti barədə ətraflı məlumat veriblər.
Tədbirdə palçıq vulkanlarının Azərbaycanın zəngin geoloji irsinin mühüm tərkib hissəsi olduğu vurğulanıb. Görüş zamanı qoruq ərazisində biomüxtəlifliyin və təbii landşaftların qorunması, ekoloji tarazlığın təmin edilməsi, eləcə də ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub.
Maarifləndirici tədbirin əsas məqsədi palçıq vulkanlarının təbii, geoloji və elmi əhəmiyyəti barədə gənclərin və ictimaiyyətin məlumatlılığını artırmaq, nadir geoloji landşaftların qorunmasına diqqəti gücləndirmək və ekoloji maarifləndirməni təşviq etməkdir