Şamaxıda gənclər üçün ekoloji maarifləndirici görüş təşkil olunub
28 İyul 2026, 17:38
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində gənclərin ekoloji bilik və məlumatlılığını artırmaq məqsədilə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən növbəti ekoloji maarifləndirici görüş Şamaxı Avropa Liseyində keçirilib.
Tədbir çərçivəsində iştirakçılara ətraf mühitin mühafizəsinin əhəmiyyəti, təbii ehtiyatlardan səmərəli istifadə barədə ətraflı məlumat verilib.
Görüş zamanı şagirdlərlə mövzu ətrafında interaktiv fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda, gündəlik həyatda ekoloji məsuliyyətli davranış vərdişlərinin formalaşdırılması, təbiətə həssas münasibətin təşviqi və ətraf mühitin qorunmasına fərdi töhfənin artırılması istiqamətində praktiki tövsiyələr verilib.
Xatırladaq ki, “Səyyar Gənclər Xidməti” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.