Xəbərlər


Azərbaycan Kooperasiya Universitetinin tələbələri “Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsinə qoşulublar

02 İyul 2026, 16:53

Gənclər arasında ekoloji biliklərin artırılması, ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması və təbiətin mühafizəsi istiqamətində fəal iştirakın təşviqi məqsədilə həyata keçirilən “Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Kooperasiya Universitetinin Ekologiya klubunun üzvlərinin və ekokönüllülərin iştirakı ilə növbəti maarifləndirici görüş təşkil olunub.

Tədbir zamanı Nazirliyin Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin mütəxəssisi Murad Şahverdiyev tərəfindən Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən ekoloji bərpa və yaşıllaşdırma işləri, ekosistemlərin bərpası, təbii sərvətlərdən səmərəli istifadə və biomüxtəlifliyin qorunması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib.

ETSN yanında Meşələrin İnkişafı Xidmətinin mütəxəssisi Gülnarə Məmmədova isə Azərbaycanın meşə ekosistemləri, meşələrin iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasındakı rolu, torpaq və su ehtiyatlarının qorunmasına verdiyi töhfə, nadir və endemik bitki və heyvan növlərinin mühafizəsinin əhəmiyyəti, həmçinin meşələrin insan sağlamlığı və dayanıqlı inkişaf baxımından daşıdığı strateji əhəmiyyət barədə təqdimatla çıxış edib.

Daha sonra meşələrin qorunması və bərpası mövzusunda qrup işi təşkil olunub. İştirakçılar qruplara bölünərək meşə ekosistemlərinin əhəmiyyəti, meşələrin məhv olmasına səbəb olan amillər və meşələrin bərpası istiqamətində həyata keçirilə biləcək tədbirlərlə bağlı tapşırıqları yerinə yetiriblər. Qrup müzakirələri zamanı gənclər meşə ehtiyatlarının davamlı idarə olunması, yaşıllaşdırma təşəbbüslərinin genişləndirilməsi və təbiətin mühafizəsində hər bir fərdin roluna dair fikir və təkliflərini bölüşüblər.

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində interaktiv formatda keçirilən görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.