Xəbərlər


Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbir uğurla başa çatıb

06 İyun 2026, 10:15

5 iyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə Azərbaycanda təşkil olunan beynəlxalq tədbir uğurla başa çatıb. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbir dövlət qurumlarının nümayəndələrini, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyəti institutlarını, gəncləri və ekoloji təşəbbüslərdə fəal iştirak edən tərəfdaşları bir araya gətirib.

Tədbirin rəsmi hissəsində ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri ilə mübarizə, dayanıqlı inkişaf istiqamətində görülən işlərə həsr olunmuş çıxışlar səsləndirilib. Çıxışlarda qlobal ekoloji çağırışlar, biomüxtəlifliyin qorunması və beynəlxalq əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb. Beynəlxalq tədbir “Metan Emissiyalarının Azaldılması üzrə Birgə Fəaliyyət: Kənd Təsərrüfatı, Enerji və Tullantılar üzrə Həllər”, “Xəzər dənizi yol ayrıcında: Dəniz səviyyəsinin azalması və regional fəaliyyət üzrə elm-siyasət müzakirəsi” adlı panel müzakirələrlə davam edib.

Tədbir çərçivəsində açıq hava sərgisi də təşkil olunub. Sərgidə ətraf mühitin mühafizəsi, təkrar emal mədəniyyətinin təşviqi, sosial məsuliyyətin artırılması və gənclərin ekoloji fəaliyyətlərə cəlb olunmasına yönəlmiş müxtəlif layihə və təşəbbüslər nümayiş etdirilib. Dövlət qurumları, özəl sektor nümayəndələri və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən təqdim olunan ekoloji həllər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Günün yaddaqalan məqamlarından biri də gənclər arasında təşkil olunmuş rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması olub.

Tədbirdən sonra “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru Inger Andersen gənclərlə görüş keçirib.