Böyük Qayıdış proqramı çərçivəsində növbəti ekoloji maarifləndirici görüşlər keçirilib
09 İyun 2026, 11:20
Böyük Qayıdış proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları tərəfindən növbəti ekoloji maarifləndirici görüşlər Cəbrayıl, Zəngilan, Laçın rayonlarının məktəblərində təşkil olunub.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Cəbrayıl rayonunun M.Mehdizadə adına, Zəngilan rayonunun Ağalı kənd və Laçın rayonunun Sus kənd tam orta məktəblərində keçirilən görüşlərdə şagirdlərə ətraf mühitin qorunmasının əhəmiyyəti, dayanıqlı şəhərlərin formalaşdırılmasında ətraf mühitin roluna dair müzakirələr aparılıb.
Məktəblilərə təbii ehtiyatlardan səmərəli və məsuliyyətli istifadə, tullantıların düzgün idarə olunması, biomüxtəlifliyin və yaşıllıq sahələrinin qorunması, ekoloji cəhətdən sağlam yaşayış mühitinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verilib. Daha sonra məktəblilərin ekoloji bilik və bacarıqlarının artırılması, onların ətraf mühitin qorunmasına fəal şəkildə cəlb edilməsi məqsədilə fikir mübadiləsi aparılıb, şagirdlərin sualları cavablandırılıb.
Görüşlərin əsas məqsədi məktəblilərin ekoloji bilik və məlumatlılığının artırılması, onlarda ətraf mühitə qarşı məsuliyyətli münasibətin və davamlı ekoloji davranış vərdişlərinin formalaşdırılması, eləcə də təbiətin qorunmasına fəal şəkildə təşviq edilməsidir.