Xəbərlər


“İnsan Hüquqları Aylığı” çərçivəsində növbəti maarifləndirici görüşlər keçirilib

08 İyun 2026, 12:30

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunan “İnsan Hüquqları Aylığı” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələri tərəfindən “İnsan hüquqları və ətraf mühit” mövzusunda növbəti maarifləndirici görüşlər təşkil edilib.

Görüşlər aşağıdakı təhsil müəssisələrində keçirilib:
- Mingəçevir Dövlət Universitetində
- Bərdə Dövlət Peşə Təhsil Mərkəzində
- Saray qəsəbəsi 2 nömrəli tam orta məktəbdə
- Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə
- Füzuli rayonunun Horadiz şəhəri F. Zalov adına 3 nömrəli tam orta məktəbdə

Tədbirlər zamanı sağlam və təhlükəsiz ətraf mühitdə yaşamaq hüququnun hər bir vətəndaşın fundamental hüquqlarından biri olduğu vurğulanıb. İştirakçılara tullantıların düzgün idarə edilməsinin, ətraf mühitin çirklənməsinin qarşısının alınmasının və ekoloji davranış qaydalarına əməl olunmasının insan sağlamlığı və cəmiyyətin rifahı baxımından əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Eyni zamanda, ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə nəzərdə tutulan məsuliyyət tədbirləri izah olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “İnsan Hüquqları Aylığı” hər il ənənəvi olaraq 18 may–18 iyun tarixlərini əhatə edir və ölkədə insan hüquqlarının təşviqi istiqamətində müxtəlif maarifləndirici tədbirlərin keçirilməsini nəzərdə tutur.