Xəbərlər


Xaçmazda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib

16 Fevral 2026, 15:00

Xaçmazda dövlət qurumlarının iştirakı ilə “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib.

Müşavirədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Xaçmaz, Quba və Qusar rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri və bitki mühafizəsi sahəsində çalışan mütəxəssislər iştirak ediblər.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında bildirib ki, son dövrlərdə qəhvəyi mərmər bağacığı ölkəmizin ixrac potensialında mühüm yer tutan meyvəçilik, xüsusilə fındıqçılıq sektoru üçün birbaşa və ciddi təhdid formalaşdırır.

Zərərvericinin artıq Şəki-Zaqatala iqtisadi rayonu ilə yanaşı, Quba-Xaçmaz bölgəsinin meyvə bağlarında da müşahidə olunduğunu qeyd edən nazir xüsusilə Xaçmaz, Quba və Qusar rayonlarında qəhvəyi mərmər bağacığının populyasiya sıxlığının artdığını vurğulayıb. Bağacığa qarşı mübarizə tədbirlərinin effektivliyini qorumaq üçün bioloji mübarizə imkanlarının tətbiqi, əkin sahələri və kənd ətrafı meşəliklərin vegetasiya dövründə planlı dərmanlanması, məlumatlandırma tədbirlərinin genişləndirilməsi və könüllü dəstələrin prosesə cəlb edilməsinin vacibliyi qeyd olunub.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin yerli qurumlarının meşəlik və meşəətrafı ərazilərdə digər qurumlarla birgə mütəmadi tədbirlər həyata keçirdiyini bildirib.

Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev Regional Əlaqələndirmə Mərkəzlərinin qəhvəyi mərmər bağacığına qarşı mübarizə çərçivəsində gördüyü işlər barədə məlumat verib, keçirilən görüşlər və həyata keçirilən tədbirlər haqqında hesabat təqdim edib.

Müşavirədə 2026-cı ildə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılıb.