Xəbərlər


Regionlarda ekoloji maarifləndirici görüşlər davam edir

28 Yanvar 2026, 17:10

 
“Ətraf mühitin mühafizəsi sahəsində düzgün ekoloji davranışın formalaşdırılması” mövzusunda növbəti maarifləndirici görüşlər Şirvan və Cəbrayıl rayonlarının məktəblərində təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən keçirilən görüşlər Şirvan şəhərinin 10 və 11 saylı orta məktəblərində, eləcə də Cəbrayıl rayonunun Horovlu kənd tam orta məktəbində baş tutub. Görüşlər zamanı şagirdlərə ətraf mühitin mühafizəsi, tullantıların növləri, iqlim dəyişmələri, bitki və heyvanların ekosistemdə rolu barədə ətraflı məlumat verilib.

Eyni zamanda tullantıların çeşidlənməsi və təkrar emalın əhəmiyyəti, su və enerji resurslarına qənaət, gündəlik davranışların təbiətə təsiri mövzularında müzakirələr aparılıb. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Maarifləndirici görüşlərin əsas məqsədi şagirdləri ətraf mühitin qorunmasının vacibliyi barədə məlumatlandırmaq, onlarda ekoloji şüurun və düzgün ekoloji davranış vərdişlərinin formalaşmasına dəstək olmaq, təbiətə qarşı məsuliyyət hissini gücləndirməkdir.