Dünya Ekoloji Təhsil Günü ilə əlaqədar regionlarda maarifləndirici tədbirlər keçirilib
26 Yanvar 2026, 17:10
Ətraf mühit sahəsində məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Dünya Ekoloji Təhsil Günü çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən bir sıra maarifləndirici görüşlər təşkil olunub.
Görüşlər İsmayıllı Dövlət Peşə Təhsili Mərkəzində, Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində və Quba rayonu A. Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyində keçirilib.
Tədbirlər zamanı ekoloji təhsilin əhəmiyyəti xüsusi vurğulanıb, ətraf mühitin mühafizəsi, mövcud ekoloji problemlər və onların həlli yolları, iqlim dəyişikliyi, tullantıların düzgün idarə olunması, həmçinin flora və fauna növlərinin qorunması ilə bağlı iştirakçılara ətraflı məlumat verilib. Görüşlər interaktiv müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Dünya Ekoloji Təhsil Günü hər il ictimai diqqəti ətraf mühit problemlərinə yönəltmək, ekoloji məsuliyyət hissini gücləndirmək və insanları planetin qorunmasına töhfə verən düzgün qərarlar qəbul etməyə təşviq etmək məqsədilə qeyd olunur.