Məktəblərdə ekoloji maarifləndirici görüşlər keçirilib
26 Noyabr 2025, 13:45
Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən növbəti ekoloji maarifləndirici görüşlər Sumqayıt şəhəri 38 saylı tam orta məktəbdə, Bərdə şəhəri F.M.Muradov adına 7 nömrəli tam orta məktəbdə və R.N.Musayev adına gimnaziya məktəbində keçirilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində orta təhsil müəssisələrində “Tullantıların düzgün idarə edilməsi” mövzusunda keçirilən görüşdə şagirdlərə tullantıların növləri, düzgün çeşidləmə, plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması və bu istiqamətdə görülə biləcək tədbirlər haqqında məlumat verilib, eyni zamanda təkrar emalın əhəmiyyəti, məişət tullantılarının azaldılması üsulları və gündəlik həyatda sadə ekoloji vərdişlərin ətraf mühitin qorunmasında böyük nəticələrə səbəb ola biləcəyi izah edilib.
Görüşlərin keçirilməsində əsas məqsəd regionlarda əhalinin ekoloji məsuliyyət hissinin artırılması, təbiətin mühafizəsi sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, eləcə də ətraf mühitə həssas yanaşmanın formalaşdırılmasıdır.