Xəbərlər


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Lənkərana səfər çərçivəsində bir sıra ekoloji aksiyalarda iştirak ediblər.

21 Noyabr 2025, 14:31

 
Əvvəlcə IDEA İctimai Birliyi tərəfindən Lənkəran rayonunda meşə ərazisində “Yaşıl Marafon” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Könüllülərin iştirakı ilə həyata keçirilən aksiyada 1350 ədəd Eldar şamı tingi əkilib. Tədbir zamanı yaşıllıq zolaqlarının genişləndirilməsi, meşə fondunun bərpası və ekosistemin mühafizəsi istiqamətində reallaşdırılan işlər barədə məlumat verilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun (“Yaşıl Marafon”) əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. “Yaşıl Marafon” çərçivəsində 2025-ci ilin payız və 2026-cı ilin yaz əkin mövsümləri ərzində ölkə üzrə 2 milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.

Daha sonra Hirkan Milli Parkının ərazisinə biomüxtəlifliyin zənginləşdirilməsi məqsədilə heyvanların təbiətə buraxılması aksiyası təşkil olunub. Aksiya çərçivəsində 2 yenot, 2 tülkü və 4 tirəndaz təbii mühitə buraxılıb. Yenotların bir müddət əvvəl IDEA İctimai Birliyinin təşəbbüsü və aidiyyəti qurumların iştirakı ilə aparılan birgə yoxlama nəticəsində iaşə obyektlərində qanunsuz saxlanılması aşkarlanmış və xilas edilmişdilər. Həmin yenotlar 4 ay müddətində Bakı Zooloji Parkında müalicə və reabilitasiya olunaraq tam sağaldıqdan sonra təbiətə qaytarılıb.

Təbiətə qaytarılan tülkülər isə vətəndaşlar tərəfindən yaralı halda aşkarlanaraq Bakı Zooloji Parkına təhvil verilmişdi. Onlar Zooloji Parkda bir il müddətində klinik şəraitdə müayinə və müalicə olunub, reabilitasiya prosesi uğurla başa çatdıqdan sonra təbii mühitə buraxılıb. Milli Parka buraxılan tirəndazlar Bakı Zooloji Parkında çoxaldılan və təbii populyasiyası bərpa olunan fərdlərdəndir.