“Ecoguard” ekoloji maarifləndirmə düşərgəsi çərçivəsində iştirakçılar müxtəlif tədbirlərdə iştirak edib
19 Sentyabr 2025, 14:25
Düşərgə proqramı zamanı iştirakçıların Samur–Yalama Milli Parkına səfəri təşkil olunub. Gənclər iməcilik aksiyasına qoşularaq təbiətin qorunmasına öz töhfələrini veriblər. Ekskursiya zamanı biomüxtəliflik üzrə ekspert Elmir Məmmədli çıxış edərək ekosistemin əhəmiyyəti barədə iştirakçılarla öz təcrübəsini bölüşüb.
Proqramın növbəti hissəsində panel görüş baş tutub. Paneldə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova və digər mütəxəssislər çıxış edərək gənclərlə öz təcrübələrini bölüşüblər.
Tədbirin davamında “Səyyar ekoloji monitorinq” mövzusunda master-klass keçirilib. Nazirliyin nümayəndələrinin iştirakı ilə gənclər su və torpaq nümunələrinin toplanması, onların ilkin yoxlanılması prosesini əyani şəkildə öyrəniblər.
Bu fəaliyyətlər gənclərin ekoloji məlumatlılıq səviyyəsinin artırılmasına, təbiətə münasibətdə məsuliyyətli yanaşmanın formalaşdırılmasına xidmət edir.