Abşeron rayonunda məktəblilərlə “Yaşıl Gələcək” adlı maarifləndirici tədbir keçirilib
15 May 2025, 13:02
Ətraf mühitin qorunması, şagirdlər arasında ekoloji düşüncə və məsuliyyətin formalaşdırılması məqsədilə Abşeron rayonu Qobu qəsəbəsinin Ə.İbrahimov adına 2 nömrəli tam orta məktəbində şagirdlərlə ekoloji maarifləndirici tədbir təşkil olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Məmmədovanın iştirakı ilə keçirilən tədbirin ilk hissəsində uşaqlara ətraf mühitin mühafizəsi, tullantıların düzgün çeşidlənməsi, təkrar emal və biomüxtəlifliyin qorunması ilə bağlı məlumatlar verilib.
Tədbirin interaktiv hissəsində şagirdlər qruplara bölünərək seçilmiş mövzular ətrafında qrup işləri həyata keçirib və öz təqdimatlarını nümayiş etdiriblər. Daha sonra şagirdlərlə master klasslar təşkil olunub və uşaqlar ekoçantalar üzərində rəsmlər çəkib, dibçəkdə toxumlar əkib, ətraf mühit sahəsində məntiqi təfəkkürlü testlər ediblər.
Sonda məktəbin həyətində zeytun ağacları əkilib.