Xəbərlər

Ümumdünya Vəhşi Təbiət Günü ilə bağlı maarifləndirici görüşlər keçirilib

04 Mart 2025, 18:29

 
3 mart Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar İlisu, Zaqatala dövlət təbiət qoruqlarının, Abşeron, Ağgöl, Hirkan, Şirvan və Altıağac milli parklarının mütəxəssisləri tərəfindən tələbələr və şagirdlərlə maarifləndirici görüşlər keçirilib.

Maarifləndirici tədbirlər zamanı mütəxəssislər Azərbaycanın biomüxtəlifliyi, qorunan təbiət ərazilərində yaşayan nadir fauna və flora növləri, ekosistemlərin əhəmiyyəti və təbiətin mühafizəsi sahəsində görülən işlər barədə geniş məlumat veriblər.

Görüşlər çərçivəsində şagird və tələbələrə vəhşi təbiətin qorunmasının əhəmiyyəti, həmçinin insanların təbiətə təsiri və mühafizə tədbirlərinin vacibliyi izah edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Eyni zamanda, Şirvan Milli Parkına ekskursiya edən şagirdlər safari maşını ilə ceyranları müşahidə edib, velosiped sürərək təbiət qoynunda maraqlı gün keçiriblər.