Xəbərlər


"Qanlı Göl" ətrafında həyata keçiriləcək layihənin ətraf mühitə təsirləri müzakirə olunub

03 Fevral 2023, 14:20

 
Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Qanlı Göl" ərazisi üzrə təqdim olunan layihələrin qiymətləndirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ictimai dinləmə keçirilib. Agentliyin konfrans zalında təşkil olunan tədbirdə şirkətlərin, dövlət qurumlarının, QHT, KİV və digər maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə ərazi üzrə ətraf mühitin mühafizəsi, habelə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlərin müzakirəsi aparılıb.

Görüşdə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov "Qanlı Göl" ətrafında həyata keçiriləcək layihənin ətraf mühitə təsirləri barədə məlumat verib. O bildirib ki, burada tullantıların idarə olunması, texniki və içməli suya qənaət edilməsi kimi məsələlər mühüm əhəmiyyət kəsb edir.

“Bu gün "Qanlı göl"lə bağlı bizi narahat edən ən mühüm məsələ dib çöküntüsünə müdaxilənin nəticəsi ilə bağlıdır. Müvafiq qurumlarla əlaqə saxlayaraq birlikdə araşdırma aparılmalı, gölün dibinə müdaxilə edilsə, hansı fəsadlar yarana bilər, nəticəsi necə olar, bu barədə hərtərəfli danışıqlar, monitorinqlər olmalıdır. İnanırıq ki, müqayisəli təhlillər nəticəsində bu problemin də həllinə nail olunacaq". – deyə M.Qənbərov qeyd edib.

İdarə rəhbəri layihələr üzrə nəzərdə tutulan yaşıllıqlardan da ayrıca danışıb: "Bizim yanaşmamıza görə, seçilmiş ərazidə yaşıllıq varsa, o, landşaft elementi olaraq saxlanılmalıdır”.

AMEA-nın Botanika İnstitutunun aparıcı elmi işçisi Yusif Zeynalov “Qanlı göl" ətrafındakı parkda Azərbaycanda yetişdirilən, iqlimə uyğunlaşmış ağac və kol bitkilərinin əkilməsinin zəruriliyindən danışıb. O, göl ətrafında xarici ölkələrdən gətirilən deyil, yerli bitkilərin əkilməyini təklif edib: ""Qanlı göl" ətrafındakı parkda yerli ştilliklərdə yetişdirilmiş, iqlimimizə uyğunlaşmış bitkilərin, şam və digər iynəyarpaqlı ağacların əkilməsi önəmlidir".
 
Tədbirdə “Qanlı göl” ətrafında görülən kompleks işlərdən də danışılıb. Qeyd edilib ki, “Qanlı göl" və bütün park ərazisindəki açıq kanalizasiya boruları mərkəzi kanalizasiya xəttinə bağlanıb. Gələcəkdə də gölün suyunun təmizlənməsi və səthinin qorunması ilə bağlı işlər aparılmalıdır.

Çıxış edən ekoloqlar gölün estetik görkəminin pozulmaması, orada salınacaq bulvar və parkın hər kəs üçün əlçatan, açıq olması, binaların su hövzəsinə çox yaxın məsafədə tikilməməsi, gölün su balansının tənzimlənməsi kimi məsələlərə vacib diqqət yetirilməli olduğunu qeyd ediblər. Həmçinin göldəki dib çöküntülərinin və ağır metalların radio-ekoloji tədqiqatının aparılması, ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində bütün ekoloji tələblərə riayət olunmasının zəruriliyi vurğulanıb.