“Yay mövsümündə meşələrdə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirilib
30 İyun 2022, 13:00
Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin aparılmasının səmərəliliyini daha da artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə 29 iyun tarixində Hirkan Milli Parkında açıq hava şəraitində “Yay mövsümündə meşələrdə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları, cənub regionunun aidiyyəti dövlət qurumlarının nümayəndələri və təsərrüfat sahibləri iştirak edib.
Tədbirdə xüsusi mühafizə olunan təbiət əraziləri, meşə və yaşıllıq ərazilərində baş verə biləcək yanğın hadisələrinə qarşı mübarizə və bu istiqamətdə qabaqlayıcı profilaktik tədbirlərin aparılmasının səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışılıb.
Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Sonda tədbir iştirakçılarına texnika vasitəsilə meşəətrafı ərazidə 6-8 metrlik məsafənin şumlanaraq təhlükəsizlik zolağının yaradılması əyani şəkildə nümayiş etdirilib.