Xəbərlər


Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

20 May 2022, 09:45

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri akvatoriyasında və Kür çayında balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Sərxan Quliyev və Qazax rayon sakini Namiq Salyayev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

B.Məhəmmədov onu da qeyd edib ki, ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 860 metr uzunluğunda sintetik tor yığışdırılıb.

Xidmət rəsmisi balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxsləri qadağan olunan vaxtlarda və qadağan olunmuş alətlərlə balıq ovlanmasından çəkinməyə və qaydalara əməl etməyə çağırıb.