2 fevral – Ümumdünya Su-Bataqlıq Əraziləri Günüdür.
02 Fevral 2022, 10:00
Respublikamızda sahəsi 200 min hektardan çox olan su-bataqlıq əraziləri mövcuddur. Onların əksəriyyəti öz nadir və zəngin bioloji müxtəliflik komponentlərinə görə əvəzolunmazdır. Sahəsi 1000 hektardan böyük olan su-bataqlıq ərazilərinin sayı 17-ə yaxındır. Qızılağac, Ağgöl və Şirvan milli parkları, Mahmudçala, Hacıqabul gölləri, Kür çayının deltası, Sarısu, Dəvəçi limanı və Xəzərin sahilboyu hissələri belə ərazilərə aiddir. Həmin ərazilərə qışlama və köç mövsümündə 100 minlərlə müxtəlif quş növləri toplanır.
Ağgöl və Qızılağac (böyük və kiçik Qızılağac körfəzləri) milli parkları mühüm su-bataqlıq ərazisi kimi 2001-ci il mayın 25-də “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyasının “Ramsar siyahısı”na daxil edilib.
Məlumat üçün qeyd edək ki, xüsusilə su quşlarının yaşayış yeri olan və beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq əraziləri haqqında Konvensiya 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində imzalanıb. Konvensiyanın əsas məqsədi dünyada davamlı inkişafın əldə olunmasında bir vasitə kimi su-bataqlıq ərazilərindən səmərəli istifadə etmək və onları qorumaqdır. Konvensiya Azərbaycan tərəfindən 2001-ci il 18 iyul tarixində ratifikasiya edilib.