“Yaşıl Marafon” kampaniyası davam edir
27 Noyabr 2021, 13:00
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.
Ölkə üzrə 26 noyabr 2021-ci il tarixində keçirilən payız ağacəkmə tədbirləri zamanı ümumilikdə 12,5 hektar ərazidə 3875 ədəd müxtəlif cinsli ağac əkilib, 650 kiloqram toxum səpilib.
Belə ki, Xocasən gölünün sol sahilində 1 ha 1000 ədəd ağac, Ağstafa rayonu üzrə 1 ha ərazidə 100 kq, Tovuz rayonu üzrə 1 ha ərazidə 100 kq toxum, Şirvan rayonu üzrə 1 ha ərazidə 1000 ədəd ağac, Hacıqabul rayonu üzrə 1 ha ərazidə 1250 ədəd ağac, Xaçmaz rayonu üzrə 4 ha ərazidə 240 kq toxum, Şabran rayonu üzrə 0,5 ha ərazidə 625 ədəd ağac, Astara rayonu üzrə 3 ha ərazidə 210 kq toxum səpilib.
Qeyd edək ki, payız ağac əkini ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.