“Təbiət üçün SOS” açıq havada yay məktəbi yekunlaşıb
07 Avqust 2021, 11:01
“EkoSfera” Sosial-Ekoloji Mərkəzinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Litvanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə avqustun 1-dən start verilən “Təbiət üçün SOS” (Summer Outdoor School “SOS for Nature”) açıq havada yay məktəbi 6 avqust tarixində yekunlaşıb.
“Məktəblilər üçün interaktiv yay məktəbi və tullantıların idarə olunması onlayn proqramı” layihəsi çərçivəsində keçirilən yay məktəbinin məqsədi gənclərin ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, tullantıların təkrar emalı, su resurslarından səmərəli istifadə sahəsində praktiki bacarıqlarını inkişaf etdirmək olub.
“Təbiət üçün SOS” devizi ilə keçirilən yay məktəbində 50 nəfərdən ibarət olmaqla 12-15 yaş qrupu üzrə gənc ekoloqlar və Vətən müharibəsi qəhrəmanlarının övladları iştirak edib. Yay məktəbi çərçivəsində ETSN yanında Milli Hidrometeorologiya Xidməti və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin, Dövlət Dəniz Agentliyinin, “AzEkol” MMC-nin təlimçi və ekspertləri tərəfindən ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, su mənbələrindən səmərəli istifadə, biomüxtəlifliyin qorunması, tullantıların idarə olunması mövzularında çıxışlar dinlənilib, həmçinin interaktiv və maarifləndirici proqramlar keçirilib. Eyni zamanda, proqram çərçivəsində iştirakçılar Altıağac Milli Parkına, Mərkəzi Nəbatat Bağına səfər ediblər.
Avqustun 6-da AMEA-nın Mərkəzi Nəbatat Bağında keçirilən rəsmi bağlanış mərasimində ETSN-nin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova, Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Viktoras Dagilis, Mərkəzi Nəbatat Bağının direktoru Vahid Fərzəliyev və “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin rəhbəri Firuzə Sultanzadə çıxış ediblər. Rəsmi hissənin davamında yay məktəbinin iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “Məktəblilər üçün interaktiv yay məktəbi və tullantıların idarə olunması onlayn proqramı” layihəsinin davamı olaraq bu ilin sentyabr-oktyabr aylarında 12-15 yaşlı 500-ə yaxın məktəblinin, müəllimlərin və valideynlərin iştirakı ilə iqlim dəyişmələri, tullantıların idarə olunması, su resurslarından səmərəli istifadə mövzularında 10 vebinar və onlayn görüşlər təşkil olunacaq.