Xəbərlər


"Təmiz hövzələr" aksiyası çərçivəsində su hövzələri və sahilboyu ərazilər təmizlənib

21 İyun 2021, 12:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən "Təmiz hövzələr" aksiyası çərçivəsində Xəzər dənizinin Bakı şəhəri akvatoriyası, Mingəçevir, Şəmkir su anbarları, Kür çayı, Yuxarı Qarabağ kanalı, Baş Şirvan kollektoru sintetik torlardan, plastik və digər tullantılardan təmizlənib.

Keçirilən tədbirlər zamanı brakonyerlərdən ümumilikdə 2120 metr uzunluğunda sintetik tor və digər qanunsuz ov alətləri götürülüb, balıqların kürütökmə dövrü ilə əlaqədar balıq ovuna qoyulan moratoriumun qüvvədə olduğu vaxtda balıq ovlayan 4 nəfər saxlanılıb. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

Eyni zamanda, aksiya çərçivəsində Xəzər dənizinin 20 kilometrədək sahilboyu ərazisi, Kür, Tərtər və Xaçın çaylarının sahil zolağı plastik və digər tullantılardan təmizlənib.