Xəbərlər


"Təmiz hövzələr" aksiyası çərçivəsində su hövzələri sintetik torlardan təmizlənib

08 İyun 2021, 12:25

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən "Təmiz hövzələr" aksiyası çərçivəsində Xəzər dənizinin Bakı şəhəri akvatoriyası, Şəmkir, Varvara su anbarları, Kür çayı, Baş Şirvan Kollektoru və Ağcabədi rayonunun daxili su hövzəsi sintetik torlardan təmizlənib. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədovun sözlərinə görə keçirilən tədbirlər zamanı brakonyerlərdən ümumilikdə 7685 metr uzunluğunda sintetik tor və digər qanunsuz ov alətləri götürülüb, balıqların kürütökmə dövrü ilə əlaqədar balıq ovuna qoyulan moratoriumun qüvvədə olduğu vaxtda balıq ovlayan 8 nəfər saxlanılıb. 

“Faktlarla bağlı 6 qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb. Digər 2 nəfərin təbiətə vurduğu ziyan cinayət tərkibi yaratdığından hazırda Su Nəqliyyatında Polis İdarəsində istintaq aparılır”.