Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb
23 Aprel 2021, 09:00
Qanunsuz balıq ovu hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhəri və Neftçala, Lənkəran rayonlarının Xəzər dənizi sahillərində, Mingəçevir, Şəmkir su anbarlarında, Kür çayında və Baş Şirvan kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bunu Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib.
“Araşdırma zamanı brakonyerlərin Bakı şəhəri sakini Xəlil Həsənov, Neftçala rayon sakini Faiq Məmmədov, Lənkəran rayon sakini Vidadi Həsənov, Yevlax rayon sakini Zamin Bəndəliyev, Mingəçevir şəhər sakinləri Bayram Gülümov, Hakim Zamanov, Pərviz Məmmədov və Vüqar Xasməmmədov olduğu məlum olub”.
B.Məhəmmədovun sözlərinə görə keçirilən tədbirlər zamanı brakonyerlərdən ümumilikdə 3760 metr uzunluğunda sintetik tor və digər qanunsuz ov alətləri götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.