Xəbərlər


Abşeron milli parkında Ekoloji Bilik Günü qeyd olunub

16 Aprel 2021, 15:10

Abşeron milli parkında 15 aprel - Ekoloji Bilik Günü qeyd olunub, açıq havada bir qrup məktəbli və tələbə üçün ekoloji təlim keçirilib. Mütəxəssislər tərəfindən iştirakçılara xüsusi mühafizə olunan təbiət əraziləri, milli parklarda qorunan flora və fauna növləri, su ehtiyatlarının mühafizəsi, sudan səmərəli istifadə, tullantıların idarə olunmasına dair məlumatlar verilib.

Tədbir iştirakçıları Abşeron milli parkında Abşeron yarımadasının endemik bitki növü və antropogen təsirlər nəticəsində kritik azalma təhlükəsi olan Bakı gəvəni (Astragalus bakuensis) bitkisinə baxıb, quşların müşahidəsini həyata keçirib.

Sonda məktəblilər və tələbələrin təlimdə öyrəndikləri biliklər əsasında müsabiqə təşkil olunub və aktiv iştirakçılar mükafatlandırılıb.