“BMTİP-QEF Kür II layihəsi” çərçivəsində məktəblilər üçün növbəti mühazirə keçirilib
04 Mart 2021, 15:30
3 mart 2021-ci il tarixində Bakı Kitab Mərkəzində suyun səmərəli istifadəsinə və Kür çayının problemlərinə həsr olunmuş növbəti maarifləndirici mühazirə təşkil edilib. Mühazirədə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri iştirak edib.
Tədbir çərçivəsində "Kür boğçası" tədris vəsaitinin və "Suyu qoruyanlar" komikslər toplusunun təqdimatı keçirilib, suyun rasional istifadəsinin zərurəti haqqında məlumat verilib.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, “BMTİP-QEF Kür II layihəsi”, Arts Council Azerbaijan, Baku Book Center və “Simurq” uşaq musiqi festivalının birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb.
Tədbirin sonunda “Simurq” uşaq musiqi festivalının iştirakçıları kiçik konsert proqramı ilə çıxış ediblər.
Qeyd edək ki, Bakı Kitab Mərkəzində müxtəlif ekspertlər tərəfindən məktəblilər üçün suya qənaət mövzusunda maarifləndirici mühazirələr davam edəcək.