Suyun səmərəli istifadəsi ilə bağlı məktəblər, müəssisələr, yerli hökumət və icma üçün onlayn təlim proqramının açılış mərasimi keçirilib
19 Fevral 2021, 15:05
18 fevral 2021-ci il tarixində BMT-nin İnkişaf Proqramı və Qlobal Ekologiya Fondunun maliyyə dəstəyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən sudan səmərəli istifadə üzrə həyata keçirilən maarifləndirmə tədbirlərinin bir hissəsi olaraq, müəllimlər, şagirdlər və ictimaiyyətin bütün üzvləri üçün hazırlanmış onlayn təlim proqramının açılış mərasimi keçirilib.
Görüşdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, IDEA İctimai Birliyi, Ekosfera Sosial Ekoloji Mərkəzin nümayəndələri və təlim proqramı üzrə mütəxəssislər iştirak edib.
Görüşdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini cənab Vüqar Kərimov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nı diqqətə çatdırıb. O, dünyada şirin su ehtiyatlarının azalması fonunda sudan səmərəli istifadənin və bu sahədə təlim-təhsil işlərinin əhəmiyyətini qeyd edərək, BMT İP və QEF dəstəyi ilə hazırlanan onlayn platformanın su ehtiyatlarının mühafizəsi, sudan səmərəli istifadə çərçivəsində həyata keçirilən maarifləndirmə və məlumatlandırma işlərinə töhfə verəcəyini bildirib.
Qeyd edək ki, bu tədris platforması Azərbaycan və Gürcüstan arasında həyata keçirilən “Kür II: Transsərhəd razılaşdırılmış fəaliyyətlər və milli planların həyata keçirilməsi yolu ilə Kür çayı hövzəsində su ehtiyatlarının inteqrasiyalı idarə olunmasının gücləndirilməsi” adlı regional layihə çərçivəsində hazırlanıb.
Aşağıdakı link vasitəsilə proqramla ətraflı tanış ola bilərsiniz.