Biomüxtəliflik


CİTES Konvensiyası haqqında

  1. Ümumi Məlumat

“Nadir və Təhlükə Altında Olan Vəhşi Fauna və Flora Növlərinin Beynəlxalq Ticarətinə dair Konvensiya” (ing. Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora – CITES) 3 mart 1973-cü ildə ABŞ-ın Vaşinqton şəhərində qəbul edilmiş, 1 iyul 1975-ci ildə qüvvəyə minmiş beynəlxalq hüquqi sənəddir.

Konvensiyanın əsas məqsədi — nəsli kəsilmək təhlükəsi altında olan vəhşi heyvan və yabanı bitkilərin beynəlxalq ticarətini tənzimləyərək, onların təbii mühitdə qorunmasını və davamlılığını təmin etməkdir.

Hazırda CİTES dünya üzrə 180-dən çox ölkə tərəfindən təsdiqlənmişdir və nadir növlərin mühafizəsində ən geniş iştiraklı beynəlxalq mexanizmlərdən biridir. Konvensiya həm hüquqi çərçivə, həm də beynəlxalq əməkdaşlıq platforması rolunu oynayır.

Azərbaycan Respublikası “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiyaya (CİTES) və həmin Konvensiyanın iştirakçı dövlətlərinin “Nərə balıqlarının qorunmasına dair” Qətnaməsinə qoşulmaq barədə 23 iyun 1998-ci il tarixli 507-IQ nömrəli Qanun ilə CİTES-ə qoşulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli 188 nömrəli Sərəncamı ilə Konvensiya üzrə inzibati orqan kimi sabiq Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi (hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi – ETSN) təyin edilmişdir.

Konvensiya Katibliyinin tövsiyələrinə uyğun olaraq, 7 yanvar 2009-cu il tarixli 2 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabineti Qərarı ilə “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları” təsdiq edilmişdir.

  1. Məqsəd və Əsas Prinsiplər
  • Nadir növlərin qorunması: Beynəlxalq ticarət səbəbindən təzyiq altında olan fauna və flora növlərinin mühafizəsi.
  • Ticarətin tənzimlənməsi: Növlərin ixrac-idxalında icazə və kvotalar vasitəsilə nəzarət, qanunsuz ticarətin qarşısının alınması.
  • Beynəlxalq əməkdaşlıq: Üzv dövlətlər arasında hüquqi uyğunluq, məlumat mübadiləsi və birgə tədbirlər.
  1. CİTES Əlavələri (Appendices)

Konvensiya ilə qorunan növlər üç əlavədə qruplaşdırılır:

  • Appendix I (I Əlavə): Nəsli kəsilmək təhlükəsi çox yüksək olan növlər. Beynəlxalq ticarət əsasən qadağandır, yalnız elmi tədqiqat və bərpa məqsədilə istisnalar mümkündür (həm ixrac, həm idxal icazəsi tələb olunur).
  • Appendix II (II Əlavə): Hazırda ciddi təhlükədə olmayan, lakin nəzarətsiz ticarət nəticəsində təhlükə altına düşə biləcək növlər. İxrac və təkrar ixrac üçün icazə tələb olunur.
  • Appendix III (III Əlavə): Hər hansı üzv ölkənin öz ərazisində qoruduğu və beynəlxalq ticarətdə nəzarət etmək istədiyi növlər. Həmin ölkədən ixracda icazə, digər ölkələrdən təkrar ixracda mənşə sənədi tələb olunur.
  1. Azərbaycanda CİTES-in Tətbiqi

Azərbaycan Respublikasında CİTES-in icrasına nəzarət və icazələrin verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi – Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən həyata keçirilir. Əsas istiqamətlər bunlardır:

  • Hüquqi baza: Azərbaycan qanunvericiliyi, Nazirlər Kabinetinin qərarları və CİTES müddəaları.
  • İdarəetmə və nəzarət: Növlərin idxal, ixrac və tranzitinin monitorinqi.
  • Sertifikatlaşdırma: İxrac, idxal və re-ixrac icazələrinin verilməsi.
  • Qanunsuz ticarətə qarşı tədbirlər: Aşkarlanan hallarda hüquqi məsuliyyətin tətbiqi.
  1. Xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin siyahısı
  • Nümunələrin Azərbaycanın hüdudları daxilində əldə edilməsi (tutulması, vurulması, yığılması) barədə təsdiqedici sənədin surəti və dəyişmə, alğı-satqı, bağışlama, vərəsəlik yolu ilə əldə edilən nümunələrin təbii mühitdən götürülməsinin qanuniliyini təsdiq edən sənədlər;
  • Konvensiyanın I, habelə bu Qaydaların 1 nömrəli əlavəsinə daxil edilmiş nümunələrin ixrac olunacaq ölkənin inzibati orqanı tərəfindən həmin nümunənin idxalına verilmiş icazə/sertifikatın surəti;
  • Elmi orqanın rəyi;
  • Baytarlıq və fitosanitar normalara cavab verdiyini təsdiq edən sənədlər;
  • Konvensiyanın I və bu Qaydaların 1 nömrəli əlavələrinə daxil edilmiş nümunələrin süni şəraitdə yetişdirilməsini (onun valideynlərinin 2-ci nəsli barədə məlumatlar göstərilməklə) təsdiq edən sənədlərin surətləri və s.

Yuxarıda qeyd olunan sənədlər  ümumiləşdiriliərək,  ixrac üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə, idxal üçün isə Ekologiya və Təbii Sərvətlər Nazirliyina təqdim olunur.