Xəbərlər

Bu gün Ümumdünya Su-Bataqlıq Əraziləri Günüdür

02 Fevral 2025, 09:10

 
Bataqlıq ərazilərinin əhəmiyyəti və onların biomüxtəlifliyinin qorunması haqqında məlumatlılığı artırmaq məqsədilə hər il fevralın 2-də Ümumdünya Su-Bataqlıq Əraziləri Günü qeyd olunur. Bu gün 1971-ci il fevralın 2-də su-bataqlıq əraziləri haqqında Ramsar Konvensiyasının qəbul edildiyi tarixdir. Günün məqsədi bütün dünyada bataqlıq ərazilərinin qorunması və davamlı istifadəsinin təşviq edilməsidir.

Su-bataqlıq əraziləri insan həyatı üçün vacib ekositemlərdən biridir. Bu ərazilər saysız-hesabsız bitki və heyvan növləri üçün ən məhsuldar və unikal yaşayış yerləri siyahısındadır: canlıları su və qida ilə təmin edir və bioloji müxtəlifliyin “beşiyi” hesab edilir. Bataqlıqlar biomüxtəlifliyə, iqlimin yumşaldılmasına və iqlim dəyişmələrinə uyğunlaşmaya, şirin suyun mövcudluğuna, dünya iqtisadiyyatına və s. töhfə verən əhəmiyyətli ekosistemlərdir.

Su-bataqlıq əraziləri üzrə Konvensiyaya əsasən su-bataqlıq ərazilərinə göllər və çaylar, yeraltı sulu təbəqələr, meşə bataqlıqları, marş torpaqlar, yaş çəmənliklər, torf bataqlıqları, oazislər, estuarlar, çaylar, çay deltaları və gelgit düzənlikləri, mangrovlar və digər sahil əraziləri, mərcan qayaları və insanlar tərəfindən yaradılan süni balıq gölləri, düyü tarlaları, su anbarları və duz bataqlıqları kimi obyektlər daxildir.

2025-ci ildə Ümumdünya Su-bataqlıq Əraziləri Günü “Hamımızın gələcəyi (Ümumi gələcəyimiz) üçün bataqlıqları qoruyaq!” devizi altında keçirilir. Bu mövzu dayanıqlı planet üçün kritik ekosistem kimi bataqlıq ərazilərini mühafizə etmək sahəsində kollektiv fəaliyyətin zəruriliyini vurğulayır.

Respublikamızda sahəsi 200 min hektardan çox olan su-bataqlıq əraziləri mövcuddur. Onların əksəriyyəti öz nadir və zəngin bioloji müxtəliflik komponentlərinə görə əvəzolunmazdır. Sahəsi 1000 hektardan böyük olan su-bataqlıq ərazilərinin sayı 17-ə yaxındır. Qızılağac, Ağgöl və Şirvan milli parkları, Mahmudçala, Hacıqabul gölləri, Kür çayının deltası, Sarısu, Dəvəçi limanı və Xəzərin sahilboyu hissələri belə ərazilərə aiddir. Həmin ərazilərə qışlama və köç mövsümündə 100 minlərlə müxtəlif quş növləri toplanır.

Ağgöl (Ağgöl) və Qızılağac (Böyük və Kiçik Qızılağac körfəzləri) milli parkları mühüm su-bataqlıq əraziləri kimi 2001-ci il 21 may tarixindən Ramsar Konvensiyasının “Ramsar Siyahısı”na daxil edilmişdir (99560 ha ərazi).