Rəşad İsmayılov: Azərbaycanın kritik mineral xammal üzrə beynəlxalq dəyər zəncirində rolunu gücləndirmək üçün geniş imkanları var
25 Sentyabr 2026, 19:30
Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Kritik xammal materialları və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiyada çıxış edib.
Nazir çıxışında kritik mineralların hasilatı və emalı prosesində ətraf mühitin mühafizəsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb.
Bildirilib ki, su ehtiyatlarından səmərəli istifadə, enerji səmərəliliyinin təmin edilməsi, tullantıların təhlükəsiz idarə olunması, biomüxtəlifliyin qorunması və torpaqların rekultivasiyası kimi məsələlər layihələrin planlaşdırılması və layihələndirilməsi mərhələsindən etibarən nəzərə alınmalıdır.
Rəşad İsmayılov qeyd edib ki, Azərbaycan kritik mineral xammal üzrə beynəlxalq dəyər zəncirində öz rolunu gücləndirməyə və bu istiqamətdə investisiyaların artırılmasına hazırdır.
Nazirin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud olan yeni imkanlar, eləcə də Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi mineral xammal və emal məhsullarının dünya bazarlarına çıxarılması baxımından əlavə imkanlar yaradır.