“Tibbi tullantıların təhlükəsiz idarə edilməsi” mövzusunda maarifləndirici görüşlər keçirilib
19 Avqust 2026, 16:48
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən tibbi tullantıların təhlükəsiz və düzgün idarə olunması ilə bağlı növbəti maarifləndirici görüşlər Qusar Rayon Mərkəzi Xəstəxanasında və Şəmkir rayonunun Yuxarı Seyfəli kənd həkim məntəqəsində təşkil olunub.
Görüşlər zamanı tibbi tullantıların mövcud tələblərə uyğun çeşidlənməsi, toplanması, müvəqqəti saxlanılması və təhlükəlilik dərəcəsindən asılı olaraq zərərsizləşdirilməsi qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin tibb müəssisələrində tibbi tullantıların idarə olunması sahəsində mövcud vəziyyət, qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması istiqamətində həyata keçirilməli tədbirlər müzakirə olunub.
Maarifləndirici görüşlərin əsas məqsədi tibbi tullantıların yaratdığı ekoloji və sanitar risklərin minimuma endirilməsi, onların təhlükəsiz idarə olunması ilə bağlı məlumatlılığın artırılması və tibb müəssisələrində bu istiqamətdə məsuliyyətli davranışın təşviq edilməsidir.