Xəbərlər


Yanğın təhlükəsizliyi ilə bağlı regionlarda maarifləndirici tədbirlər davam etdirilir

30 İyul 2026, 15:03

Meşə və digər yaşıllıq ərazilərində yanğınların qarşısının alınması, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının təşviqi və əhalinin bu sahədə məlumatlılığının artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələri tərəfindən növbəti maarifləndirici görüşlər keçirilib.

Tədbirlər Mingəçevir, Kürdəmir, Göyçay və Ağdaş rayon icra hakimiyyətlərində, eləcə də Goranboy rayonunun Ağcakənd qəsəbəsində və Tovuz rayonunun Əsrik Cırdaxan kəndində təşkil olunub.

Yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələrinin, aidiyyəti dövlət qurumlarının əməkdaşlarının, fermerlərin və yerli sakinlərin iştirakı ilə keçirilən görüşlərdə meşə yanğınlarının başvermə səbəbləri, yanğın risklərinin minimuma endirilməsi istiqamətində görülməli tədbirlər, operativ müdaxilənin təmin edilməsində qurumlararası əməkdaşlığın əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Eyni zamanda iştirakçılara yanğınların söndürülməsi üsulları, ilkin yanğınsöndürmə vasitələrindən düzgün istifadə qaydaları izah olunub, meşə və digər yaşıllıq ərazilərində odla ehtiyatlı davranmağın vacibliyi vurğulanıb.

Vətəndaşları, fermerləri və təsərrüfat subyektlərini yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, təbiətin mühafizəsində məsuliyyətli davranmağa və yanğın təhlükəsi yarada biləcək hallarla qarşılaşdıqda dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırırıq.