Xəbərlər


Yanğın təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı regionlarda maarifləndirici tədbirlər keçirilib

21 İyul 2026, 15:32

Meşə və digər yaşıllıq ərazilərində yanğınların qarşısının alınması, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının təşviqi və əhalinin bu sahədə məlumatlılığının artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələri tərəfindən bölgələrdə maarifləndirici tədbirlər keçirilib.

Görüşlər Göygöl Milli Parkında, Hacıqabul Rayon İcra Hakimiyyətində, Bərdə və Yevlax rayon bələdiyyələrində təşkil olunub. Tədbirlərdə yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, aidiyyəti qurumların əməkdaşları iştirak ediblər.

Görüşlər zamanı iştirakçılara meşə yanğınlarının yaranmasına səbəb olan əsas amillər, yanğın risklərinin minimuma endirilməsi yolları, profilaktik tədbirlərin gücləndirilməsi, yanğın ocaqlarının erkən aşkarlanması və operativ müdaxilənin təmin edilməsində qurumlararası əməkdaşlığın əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının təbii ekosistemlərin, biomüxtəlifliyin və yaşıllıq ərazilərinin qorunmasında mühüm rol oynadığı diqqətə çatdırılıb.