1990-cı illərdə baxımsızlıq üzündən Ağac Emalı Kombinatının təmizləyici qurğuları istismara yararsız vəziyyətə düşdüyündən, Qaradağ rayonunun Ələt qəsəbəsində formalaşan məişət-fekal və sənaye çirkab suların idarə edilməyərək qəsəbə ərazisində yerləşən 20-dən artıq çıxış xətti vasitəsi ilə gün ərzində orta hesabla 16.4 min m3 həcmində çirkab sular təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizə axıdılır. Qəsəbə ərazisində N saylı hərbi hissənin Vərəm Dispanserində formalaşan çirkab suların bir başa (açıq arxla) təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması tərəfimizdən qaynar nöqtə kimi qeydə alınmışdır.
Qaradağ rayonunun Qobustan qəsəbəsində formalaşan məişət-fekal və qarışıq mənşəli çirkab sular mərkəzləşmiş kanalizasiya şəbəkəsinin çəkilişinin başa çatdırılmaması üzündən gün ərzində orta hesabla 5,8 min m3 həcmində çirkab su qəsəbə ərazisindən bir neçə yerdən sahil zolağına və oradan Xəzər dənizinə axıdılır. Sahil zölağına axıdılan çirkab sular burada geniş sahəni əhatə edən bataqlıqlar əmələ gətirmişdir.
Qaradağ rayonu ərazisində yerləşən növbəti qaynar xətt “Qırmızı göl”dür. “Hacı-Həsən gölü”, “Puta gölü”, Lökbatan qəsəbəsi və digər sahələrdən axıdılan çirkab sular bu göldə cəmləşərək, buradan da Xəzər dənizinə axıdılır. Lakin göldən Xəzər dənizinə su axıdılan kanalın sıradan çıxması üzündən axıdılan çirkab sular Lökbatan çimərliyi yaxınlığında sahil boyunca yayılaraq hektarlarla çimərliyə, istirahətə yararlı sahəni bataqlığa çevirmişdir ki, bu da öz növbəsində Lökbatan çimərliyinin fəaliyyətinin dayandırılması ilə nəticələnmişdir.
Başlanğıcını Badamdar qəsəbəsindən götürən “32 saylı” kanal, “20-ci sahə” yaşayış məntəqəsindən keçərək “Bibiheybətneft” NQÇİ-nin ərazisindən Xəzər dənizinə qovuşur. Uzunluğu 6 km olan kanal, gün ərzində ətraf ərazilərdə formalaşan 14,0 min m3 həcmində qarışıq mənşəli çirkab (məişət-fekal və istehsalat) suların özündə cəmləyir. “20-ci sahə”-də yaşayış massivlərinin genişlənməsi sözügedən kanala yönəldilən çirkab suların həcminin artması ilə də nəticələnmişdir.
Hövsan kanalı başlanğıcını “Balaxanıneft” NQÇİ-nin ərazisində formalaşan qarışıq mənşəli çirkab suların toplanma məntəqəsindən götürən “Cənub” kanalının davamı olmaqla gün ərzində 100 min m3-dən artıq çirkab suyu birbaşa Xəzər dənizinə axıdır. Hal-hazırda Ramana tuneli qəzalı vəziyyətdə olduğundan qeyd olunan ərazidə yerləşən sənaye obyektlərində, habelə Ramana, Sabunçu-1, Zabrat-1, Zabrat-2 yaşayış məntəqələrinin bir hissəsində formalaşan çirkab sular sözügedən tunel qarşısında yığılaraq nasoslar vasitəsi ilə Hövsan kanalına nəql edilir.
Lənkəran rayonunun Kənarmeşə yaşayış massivində də formalaşan çirkab sular təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılır. Lənkəran, Astara, Neftçala, Şabran və Xaçmaz rayonlarında təmizləyici qurğular olmadığından və ya tam yararsız hala düşdüyündən sozügedən rayonlarda formalaşan çirkab sular birbaşa və ya təbii axarlar vasitəsi ilə Xəzər dənizinə axıdılr.
|