Laboratoriya Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Əsasnaməsini rəhbər tutaraq, iş planına uyğun Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və sahil zolağında, çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və s. monitorinqlər nəticəsində götürülmüş su, dib çöküntüsü, şlam və qazma məhlulu nümunələri üzərində fiziki-kimyəvi, kimyəvi, bioloji, ekotoksikoloji və mikrobioloji tədqiqatlar aparır. Tədqiqatlar Beynəlxalq, o cümlədən Rusiya standartlarına uyğun metodika və cihazlarla aparılır.
Laboratoriyada 3 sektor fəaliyyət göstərir:
Nümunələr təyin edilmiş monitorinq nöqtələrindən gətirilərək hər 3 sektor tərəfindən paralel olaraq tədqiq edilir.
Eyni zamanda laboratoriya mütəxəssisləri yerli və xarici neft şirkətlərinin, Beynəlxalq təşkilatların və Nazirliyin Xəzər dənizinə təşkil etdiyi ekoloji ekpedisiyalarda iştirak edir, paralel su və dib çöküntüsü nümunələri götürür və onlar üzərində təhlillər aparır.
Cari ildə mütəxəssislərimiz İdarənin balansında olan «Əlif Hacıyev» Elmi-Tədqiqat Gəmisində «Lukoyl» neft şirkətinin D-222 yatağı ərazisində 2 dəfə müqavilə əsasında təşkil edilmiş ekspedisiyada iştirak etmiş, su və dib çöküntüsü nümunələri götürmüş və bu nümunələr üzərində müvafiq tədqiqat işləri aparmışdır.
2007-ci il ərzində Xəzər dənizinin sahil zolağında quraşdırılmış modul tipli lokal təmizləyici qurğuların, həmçinin bir çox rayonlarda quraşdırılmış içməli sutəmizləyici qurğularından gətirilmiş nümunələrdə laboratoriyada mütəmadi və hərtərəfli tədqiq edilmişdir. Hal hazırda da Xəzər dənizinin sahil zolağında quraşdırılmış təmizləyici qurğuların səmərəliliyini yoxlamaq üçün nümunələr götürərək təhlillər aparılır.
Nazirlik tərəfindən nərəkimi və digər növ balıqların kvotası ilə əlaqədar keçirilən ekspedisiyalarda mütəxəssislərimiz mütə- madi olaraq iştirak etmiş, Orta və Cənubi Xəzərin Azərbaycan akvatoriyasında balıqların yem ehtiyatının kəmiyyət və keyfiyyət göstəricilərini, eləcə də 90-cı illərin axırlarında gəmilərin ballast suyu ilə Qara dənizdən gətirilmiş invaziv növ Mnemiopsis leidyinin dənizdə yayıl- masını, say və biokütləsini tədqiq etmişdir.
Analitik Tədqiqatlar Sektorunda 8 mütəxəssis çalışır. Sahil zolağında yerləşən sənaye obyektlərinin axarlarında, çirklənmə mənbələrində keçirilən monitorinqlərdə iştirak etmək və həmin obyektlərin su hövzəsinə axarlardan götürülmüş nümunələr üzərində fiziki-kimyəvi və kimyəvi təhlillər (pH, duzluluq, həll olmuş oksigen, şəffaflıq, codluq, sulfatlar, asılı maddələr, biogen maddələr, oksigenə biokimyəvi tələbat, oksigenə kimyəvi tələbat, sintetik səthi aktiv maddələr, neft məhsulları, fenollar, ağır metallar və s.) aparılır. Sektorda aparılan tədqiqat işlərinin əksəriyyəti müasir və Avropa standartlarına cavab verən cihazlarda mütəxəssislər tərəfindən mütəmadi olaraq həyata keçirilir.
Biologiya və Ekotoksikologiya Sektorunda 9 mütəxəssis çalışır. İdarənin fəaliyyət dairəsində yerləşən axarlardan götürülmüş su, dib çöküntüləri, şlam, qazma məhlulu və neft hasilatında istifadə olunan müxtəlif reagent nümunələrində canlı orqanizmlər (D.Maqna, P.Maeoticus) üzərində ekotoksikoloji, bioloji təmizləyici qurğulardan gətirilmiş lil nümunəsi üzərində isə bioloji təhlillər aparır.
2006-cı ilin aprel ayında bakterioloji təhlillər aparmaq məqsədilə idarədə Mikrobiologiya Sektoru fəaliyyətə başlamışdır. Laboratoriya bakteroloji tədqiqatların aparılması üçün müasir standartlara cavab verən «Bio-Trak 4250» markalı mikrobioloji analizatorla təchiz edilmiş və onun köməkliyi ilə axıntı və dənizin sularında mikrobioloji tədqiqatlar aparılır.
Bu il ərzində laboratoriyaya Beynəlxalq təşkilatın humanitar yardımı formasında 1 ədəd elektron tərəzi, Hach DR 2800 markalı spektrofotometr, Horiba, «Ceddi» plankton toru və Hanna markalı cihazlar verilmişdir. Cihazların gətirilməsi aparılan tədqiqat işlərinin müasir standartlara uyğun aparılmasına şərait yaratmışdır.
|