Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsindəki çoxsahəli fəaliyyətində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işi prioritet istiqamətlərdən biridir.
2010-cu il ərzində Nazirliyin Ekoloji təbliğat şöbəsi və regional təbliğat sektorları tərəfindən əhalinin ekoloji maariflənməsinə xidmət edən müxtəlif kütləvi tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il 18 iyun tarixinin “İnsan Hüquqları Günü” kimi qeyd olunması ilə əlaqədar keçirilən “İnsan Hüquqları aylığı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumları tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.
Belə ki, Respublikanın müxtəlif regionlarının ali və orta təhsil müəssisələrində, idarə və təşkilatlarda “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ekologiya və təbiət ərazilərinin inkişafına göstərdiyi diqqət və qayğı”, “2010-cu il “Ekologiya ilidir”, “Ətraf mühitin mühafizəsi hamımızın borcudur”, “Yeni yaşıllıqların salınmasında və mühafizəsində gənc nəslin rolu”, “Ətraf mühitin mühafizəsi - sağlamlığımıza təminatdır”, “İnsan və Təbiət”, “5 iyun Ümumdünya ətraf mühit günüdür”, “Yaşıllıqların mühafizəsi”, “Uşaqlara təmiz su – təmiz həyat”, “Selin yaranma səbəbləri və ona qarşı mübarizə tədbirləri” və s. mövzularda ekoloji təbliğat xarakterli seminar məşğələlər, dəyirmi masalar, görüşlər təşkil olunmuşdur.
Dünya Ətraf Mühit Gününün 2010-cu ildə Avropa regionunda qeyd edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) ötən ilki baş şəhərləri siyahısına İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı Azərbaycanın Bakı şəhəri də salınmışdır. Bununla əlaqədar BMT-nin Ətraf Mühit Proqramının Avropa Bürosunun direktoru cənab Kristof Buvye Bakıya gəlmiş və 5 iyun “Ümumdünya ətraf mühit” günü ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət və Qeyri-Hökumət Təşkilatlarının, diplomatik korpusların, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinin iştirakı ilə Zığ-Heydər Əliyev adına Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində ETSN tərəfindən təşkil olunmuş kütləvi ağacəkmə kompaniyasında iştirak etmişdir.
Ekoloji təqvim günləri ilə əlaqədar KİV-də məqalələr dərc olunmuş, televiziya və radio kanallarında çıxışlar təşkil edilmiş, respublikanın yaşayış məntəqələrində təmizlik və abadlıq işlərinin aparılması məqsədilə iməciliklər keçirilmiş, ali və orta təhsil müəssisələrində, müəllim və tələbələrin iştirakı ilə ekoloji mövzularda seminar məşğələlər, dəyirmi masalar və Nazirliyin mütəxəssisləri ilə görüşlər təşkil olunmuşdur.
Ətraf mühitin mühafizəsi sahəsində jurnalistlərin bilik və məlumatlılıqlarının artırılması məqsədilə ETSN nəzdində yaradılmış “Jurnalistlərin ekologiya məktəbi” 3 avqust 2010-cu il tarixində fəaliyyətə başlamışdır. Mühazirələrin sonunda məktəbi bitirən jurnalistlərə müvafiq sertifikat təqdim olunacaq.
Beynəlxalq “Dəniz Günü”nün qeyd edilməsi ilə əlaqədar “Xəzər həftəsi” çərçivəsində Xəzərin bioloji resurslarının mühafizə olunması və artırılması ilə bağlı görülmüş işləri ictimaiyyətə çatdırmaq məqsədilə KİV nümayəndələri Neftçala rayonu Xıllı Nərə Balıqartırma zavodunda olmuş, zavodun fəaliyyəti və görülmüş işlərlə bağlı jurnalistləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekologiya ili” çərçivəsində hazırladığı Kompleks Tədbirlər Planına uyğun olaraq media nümayəndələri üçün “2010 Ekologiya ili–Yaşıl dünya naminə” devizi altında press-turlar təşkil edilmişdir.
20 oktyabr – 20 noyabr 2010-cu il tarixlərində Respublikada keçirilən “Uşaq Hüquqları aylığı” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Respublikanın regionlarının ali və orta təhsil müəssisələrində müxtəlif mövzularda ekoloji təbliğat xarakterli seminar məşğələlər, dəyirmi masalar, görüşlər keçirilmişdir.
Eyni zamanda, aylıq ərəfəsində “Heydər Əliyev: Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” mövzusunda inşa müsabiqəsi, “Ətraf mühit uşaqların gözü ilə” mövzusunda uşaq bağçalarında rəsm müsabiqəsi, məktəblilər arasında bilik yarışları təşkil olunmuş, həmçinin, payız əkin mövsümündə iməciliklər keçirilmişdir.
Ekoloji təbliğat sahəsində Orxus Konvensiyasının Azərbaycanda həyata keçirilməsini təmin etmək və ətraf mühit məsələləri ilə bağlı əhalinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə Bakı, Gəncə və Qazax şəhərlərindəki Orxus İctimai Ekoloji İnformasiya Mərkəzlərində seminar-məşğələlər keçirilmişdir.
2010-cu il ərzində Nazirliyin fəaliyyətini əks etdirən 350 press-reliz Nazirliyin internet səhifəsində yerləşdirilməklə ictimaiyyət və KİV nümayəndələrinin diqqətinə çatdırılmışdır.
|