Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin « 15 » 04 2005-ci il tarixli
15/ü _ №-li Əmri ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Milli Hidrometeorologiya Departamentinin
İqlim Dəyişmələri və Ozon Mərkəzi haqqında
Ə S A S N A M Ə
I.Ümumi müddəalar
1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin tərkibində olan İqlim və İqlim dəyişmələri Mərkəzi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra «Nazirlik») 2003-cü il 30 yanvar tarixli 088/ü nömrəli Əmri ilə tərkibində Ozon şöbəsi yaradılmaqla Nazirliyin Milli Hidrometeorologiya Departamentinin (bundan sonra «Departament») İqlim Dəyişmələri və Ozon Mərkəzi (bundan sonra «Mərkəz») adlandırılmışdır.
2.Mərkəz İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyası (İDÇK) və ona əlavə olan Kioto Protokolu (KP), Ozon Qatının qorunmasına (OQQ) dair Vyana Konvensiyası və ona əlavə olan Monreal Protokolundan (MP) irəli gələn öhdəliklərin yerinə yetirilməsi sahəsində Nazirliyin öhdəsinə düşən vəzifələrin həyata keçirilməsinə yardımçı qurumdur.
3. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi Aktlarını, Nazirliyin Əsasnaməsini, qərar, əmr və sərəncamlarını, Departamentin Əsasnaməsini, əmr, göstəriş, sərəncam və təlimatlarını, həmçinin bu Əsasnaməni rəhbər tutur.
4. Mərkəz fəaliyyətini bilavasitə özünün iqlim, iqlim dəyişmələrinin təsirinin qiymətləndirilməsi və adaptasiya, parnik qazlarının kadastrı və ozon şöbələri vasitəsi ilə həyata keçirir.
II. Mərkəzin əsas vəzifələri
5. Mərkəzin əsas vəzifələri aşağıdakılardır:
5.1. Gözlənilən iqlim dəyişmələrinin təbii ekosistemlərə və ölkə iqtisadiyyatına mümkün təsirinin qiymətləndirilməsi;
5.2. İqlim dəyişmələrinin təsirinə məruz qalacaq sistemlərin adaptasiya strategiyasının işlənilməsi və mütəmadi olaraq həyata keçirilməsi barədə müvafiq orqanların məlumatlandırılması;
5.3. İqlim dəyişmələrinin təsirinin yumşaldılmasına və istilik effekti yaradan qazların azaldılmasına yönələn Milli Fəaliyyət Planı üzrə layihələrin işlənilməsi və layilərin həyata keçirilməsinə yardım edilməsi;
5.4. İqlim dəyişmələrinin təhlili üzərində işlərin aparılması;
5.5. İqlim ssenarilərinin hazırlanması və daha mütərəqqi proqnoz metodlarının öyrənilməsi və tətbiqi;
5.6. İstilik effekti yaradan qazların (İEYQ) kadastr sisteminin təkmilləşdirilməsi;
5.7. İEYQ-nın tullantılarının məhdudlaşdırılmasına dair tədbirlər sisteminin hazırlanması və həyata keçirilməsinə dair təkliflərin verilməsi;
5.8. Kioto Protokolunun Təmiz İnkişaf Mexanizminə dair layihələrin işlənilməsi, təsdiq edilməsi və həyata keçirilməsinə yardım edilməsi;
5.9. Ozondağıdıcı maddələrin (ODM) Respublikada istehsalı, idxalı, ixracı və istifadəsi haqqında məlumatların toplanması, təhlili və alınan nəticələrin yerli təşkilatlara və Konvensiyanın müvafiq orqanlarına təqdim edilməsi;
5.10. İqlim dəyişmələri və ozon sahəsində müxtəlif layihələrin həyata keçirilməsinə dair dövlət və qeyri-dövlət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi;
5.11. İqlim dəyişmələri və ozon probleminə dair biliklərin yayılması, müntəzəm təbliği və ictimaiyyətin məlumatlandırılması;
5.12. İqlim və ODM-in əvəz edilməsi sahələrində müasir texnologiyalara dair informasiyaların toplanması, təhlili, yayılması, və mübadiləsi sisteminin yaradılması;
5.13. İqlim dəyişmələri və ozon konvensiyaları üzrə beynəlxalq təşkilatlar və xarici ölkələrin bu sahələrdə çalışan müvafiq təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi;
5.14. İqlim dəyişmələri, İEYQ və ODM üzrə informasiya bankının yaradılması, keyfiyyətinin artırılması və idarə olunması;
5.15. Konvensiya orqanları ilə sıx əlaqənin təmin edilməsi;
5.16. Ekologiya və Təbii Sərvətlər Nazirinin, Departament Direktorunun tapşırıq və göstərişlərinin icrasını, mərkəzin, Nazirlik və Departamentin iş planlarında nəzərdə tutulmuş işlərin vaxtında yerinə yetirilməsini təmin etmək məqsədi ilə tədbirlərin görülməsi;
5.17. Dövlət sirri təşkil edən məlumatların yayılmamasının təmin edilməsi;
5.18. Nazirlik və Departament tərəfindən ona həvalə edilmiş qanunvericiliyə uyğun digər vəzifələrin yerinə yetirilməsi.
III. Mərkəzin funksiyaları
6. Mərkəz, qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
6.1. İDÇK–nın 4-cü və 12-ci maddələrindən irəli gələn vəzifələri yerinə yetirmək üçün bütün mənbələrdən və İEYQ uducularından Monreal Protokolu ilə tənzimlənməyən antropogen tullantıların Milli kadastrının hazırlanmasında dövrü olaraq yeniləşdirilməsinə və çap olunmasına kömək edir;
6.2. Milli iqlim proqramının hazırlanmasında, tətbiq edilməsində və dövrü olaraq yeniləşdirilməsində köməklik göstərir;
6.3. İstehsalın bütün sahələrini əhatə etməklə Monreal protokolu ilə tənzimlənməyən İEYQ-ın antropogen tullantılarının azaldılmasına, ləğv edilməsinə gətirən texnologiyaların, üsulların və proseslərin hazırlanması, tətbiqi və ötürülmə də daxil olmaqla yayılmasına yardım göstərir;
6.4. Biokütlə də daxil olmaqla meşə, dəniz, yerüstü və sahilboyu ekosistemlərin qorunması və keyfiyyətinin yüksəldilməsi üçün İEYQ-ın uducularından rasional istifadə etməyə yardım göstərir;
6.5. İDÇK-nın 4-cü və 6-cı maddələrinə görə Milli qanunvericilik və normativ aktlara uyğun olaraq İqlim dəyişmələri və onun nəticələri haqqındakı problemlər üzrə ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi proqramlarının hazırlanmasına və yerinə yetirilməsinə, həmçinin ictimaiyyətin iqlim dəyişmələri haqqında məlumatlandırılmasını yüngülləşdirmək məqsədilə görülən işlərə yardım edir;
6.6. Kioto Protokolunun 12-ci maddəsini, yəni Təmiz İnkişaf Mexanizminin verəcəyi xeyirlərdən istifadə etmək və inkişaf etmiş ölkələrin öz öhdəliklərini yerinə yetirməyə kömək məqsədilə görülən işlərə və yerinə yetirilən layihələrə yardım edir;
6.7. Ölkənin digər əlaqədar təşkilatlarının iqlim dəyişmələrinə və ozona dair metodik vəsaitlərlə təmin edir və tövsiyələr verir;
6.8. İqlim dəyişmələri və ozona dair layihələri hazırlamağa yardım edir, hazırlayan təşkilatla maliyyələşdirmək üçün beynəlxalq maliyyə təşkilatlarına göndərən təşkilatlar arasında əlaqələri qurur;
6.9. Üzərinə götürdüyü öhdəlikləri vaxtında və keyfiyyətlə yerinə yetirir;
6.10. Elmi tədqiqat və müqavilələr üzrə işlərdə iştirak edir;
6.11. İqlimə antropogen fəaliyyətin təsirini təhlil edir və onun mənfi nəticələrinin aradan qaldırılması üzrə tövsiyyələr hazırlayır;
6.12. İqlimin qlobal və reqional dəyişmələri üzrə aparılan müşahidələri və tədqiqatları təhlil edir, Milli iqlim və hidrometeorologiyanın inkişaf proqramının həyata keçirilməsində iştirak edir;
6.13. Monreal Protokolu ilə tənzim olunan ozondağıdıcı maddələrin istifadəsi, idxalı, ixracı, əvəz edilməsi sahəsində məlumatları toplayır, sənədləşdirir, təhlil edir, Milli və Konvensiyaya aid orqanları bu sahədə məlumatlandırmaq üçün Nazirliyə müvafiq sənədlər təqdim edir;
6.14. Mərkəzdə iş görülən zaman əməyin mühafizəsi, yanğın söndürmə və təhlükəsizlik texnikası qaydalarına əməl edilir;
6.15. Departamentin rəhbərliyinin göstərişi ilə Mərkəzin istehsal ehtiyacları ilə bağlı olmayan işləri yerinə yetirir;
IV. Mərkəzin hüquqları
7. Mərkəz öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
7.1. İqlim dəyişmələri və ozon üzrə konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi sahəsində Nazirliyə və Departamentə təkliflər vermək;
7.2. Beynəlxalq təşkilatların (ÜMT, QEF, İDÇK, OQQ və s.) təşkil etdikləri seminar və treninqlərdə Nazirliyin razılığı ilə iştirak etmək;
7.3. Mərkəzin strukturunda və ştat cədvəlində dəyişikliklər aparılması barədə Nazirliyə təkliflər vermək;
7.4. Mərkəzin fəaliyyətinə dair cari və perspektiv planlar hazırlayaraq Nazirliyə və Departamentə təqdim etmək;
7.5. Qanunvericiliyə uyğun digər hüquqları həyata keçirmək
V. Mərkəzin fəaliyyətinin təşkili
8. Mərkəzə, Departament direktorunun təqdimatına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirinin Əmri ilə vəzifəyə təyin olunan və vəzifədən azad edilən direktor rəhbərlik edir.
9. Direktor Mərkəzə həvalə edilmiş vəzifə və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
10. Direktor Mərkəzin fəaliyyətini təşkil edir.
VI. Mərkəzin yenidən təşkili və ləğv edilməsi
11. Mərkəz qanunvericilikdə nəzərdə tutulmuş qaydada, o cümlədən Nazirliyin Əmri ilə yenidən təşkil olunur və ləğv edilir. |