|
...Respublikamızda ekoloji problemlərin həll edilməsi dövlətin daim diqqət mərkəzində olmuş, ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət proqramı qəbul edilmiş, beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür.
Heydər Əliyev
Respublikada həyata keçirilən struktur islahatları çərçivəsində, ətraf mühitin qorunması və təbii ehtiyatlardan istifadənin ayrı-ayrı aspektləri ilə məşğul olan və fəaliyyətlərində qismən biri-birini təkrarlayan Dövlət Ekologiya və Təbii ehtiyatlardan İstifadəyə Nəzarət Komitəsi, «Azərmeşə» İstehsalat Birliyi, Geologiya Komitəsi, «Azərbalıq» Dövlət Konserni və Dövlət Hidrometeorologiya Komitəsi ləğv edilmiş və onların bazasında Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli 485 saylı Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əsasnaməsi Respublika Prezidentinin 18 sentyabr 2001-ci il tarixli 583 saylı Fərmanı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
on gün müddətində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xərclər smetasını və işçilərin say həddini təsdiq etsin;
bir ay müddətində normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 18 sentyabr 2001-ci il
№ 583
|